Yəmənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiq "Report"un Türkiyə bürosuna müsahibəsində rəsmi Bakı ilə münasibətlərin yeni mərhələyə yüksəldilməsi və Azərbaycanın regiondakı mövqeyinin güclənməsindən danışıb. Bununla yanaşı o, ölkəsində və regionda baş verən proseslər, İsrail-İran qarşıdurmasında husilərin fəallığı və bu savaşın xalqına gətirdiyi fəlakətlər, eləcə də Yaxın Şərqdə dəyişən geosiyasi mənzərə ilə bağlı Yəmənin rəsmi mövqeyindən də bəhs edib.
- Cənab səfir, Yəmənin Baş naziri və xarici işlər naziri Şaya Möhsün əz-Zindani Antalya Diplomatiya Forumu zamanı "Report"a açıqlamasında bildirmişdi ki, Azərbaycanla mədəni əməkdaşlıq və iqtisadi-ticarət sazişlərinin inkişafını xüsusilə vacib hesab edir. Bir səfir olaraq, siz Azərbaycanla Yəmən arasında münasibətlərin inkişafı üçün hansı sahələri prioritet hesab edirsiniz?
- Əvvəlcə onu deyim ki, biz yəmənlilər Azərbaycan dövlətinə və xalqına xüsusi sevgi, rəğbət bəsləyirik və iki ölkə arasındakı münasibətləri mümkün qədər genişləndirmək, inkişaf etdirmək niyyətindəyik. Bəli, Baş nazirimizin də qeyd etdiyi kimi, yəmənlilər Azərbaycanla mədəniyyət, xüsusilə də təhsil və səhiyyə, ticarət sahələrində əlaqələrin genişləndirilməsini vacib hesab edir. Azərbaycanın bu gün yaşadığı iqtisadi yüksəlişi və strateji mövqeyi yaxından izləyirəm, əldə olunan inkişaf, demək olar ki, bütün sahələrdə qazanılan uğurları böyük heyranlıqla müşahidə edirəm. Xüsusilə neft və təbii qaz sektorlarında Azərbaycanın kifayət qədər mühüm mövqeyə sahib olduğunu görürük. Hətta kosmik sahəyə də böyük diqqət ayırdığınız müşahidə olunur və bu istiqamətdə də uğurlu nəticələr əldə edəcəyinizə inanıram. Mən COP 29-da da iştirak etmişdim. Bu beynəlxalq tədbir bir daha sübut etdi ki, həqiqətən Azərbaycan güclü dövlətdir. Biz Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq və qürur duyarıq.
- Azərbaycan Prezidentinə etimadnamənizi təqdim edərkən bəzi nazirlərlə də görüşlər keçirmişdiniz. Hazırda hansı nəticələr əldə olunub?
- Mənim üçün Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməmi təqdim etmək şərəf idi. Bəli, o zaman bir neçə nazir ilə də görüşdük, iki ölkə arasındakı əməkdaşlığın perspektivlərini müzakirə etdik. Azərbaycanın Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyinin nümayəndələri ilə müxtəlif məsələləri müzakirə etdik. Görüşlərimiz zamanı nazirlərinizin hamısının gənc və enerjili olması məndə çox müsbət təəssürat yaratdı. Mədəniyyət və təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif kursların və təlim proqramlarının təşkili, təqaüdlərin ayrılması, tələbə mübadiləsi və dövlət qurumlarının əməkdaşları üçün ixtisasartırma imkanlarının yaradılması barədə razılığa gəldik.
- Vaxtilə Yəmən ilə Sovet İttifaqı arasında, o cümlədən Azərbaycanla müxtəlif mədəni və təhsil əlaqələri qurulmuşdu. Məsələn, Yəməndə teatr və opera sənətinin formalaşmasında azərbaycanlı mütəxəssislərin də müəyyən rolu olub. İndi necə bu mədəni əlaqələr istiqamətində fəaliyyətlər varmı?
- Doğrudur, sovetlər dönəmində də bizim çox yaxşı əlaqələrimiz olub. Həmin dövrdə Azərbaycanın mütəxəssisləri Yəməndə, xüsusilə mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstəriblər. Yəmənli tələbələr Azərbaycanda təhsil alıb. Onların bəziləri Azərbaycanda məskunlaşıb, ailə qurub, övladları, nəvələri burada böyüyüb. Səfərimiz zamanı belə ailələrdən bir neçəsi ilə görüşdük. Onlarla söhbət etmək bizim üçün çox maraqlı və xoş oldu. Biz bütün bunları iki ölkə arasında mövcud olan tarixi