Əsas məqsədlərimizdən biri Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid məntəqələrində gözləmələrin aradan qaldırılması və beynəlxalq standartların bu ölkələr tərəfindən tətbiq olunaraq ticarət və tranzit proseslərinin asanlaşdırılması üçün lazımi infrastrukturun yaradılmasıdır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmak Göygöl rayonunda keçirilən "Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası"nda jurnalistlərə açıqlamasında bildirib.
"Bu üç ölkə beynəlxalq tranzit və qonşuluq münasibətləri çərçivəsində, eyni zamanda Şərq-Qərb ticarətində çox mühüm mövqeyə malikdir... Əsas məqsədlərimizdən biri tranzit prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid məntəqələrində gözləmələrin aradan qaldırılmasıdır."
Sezai Uçarmakın sözlərinə görə, Gürcüstanda, Azərbaycanda və Türkiyədə avtomobil yolları, dəmir yolları və dəniz nəqliyyatı infrastrukturu istiqamətində ciddi investisiyalar həyata keçirilir.
Orta Dəhliz marşrutunda ümumi tranzit tutumunun artırılması üçün infrastrukturun inkişaf etdirilməsi və prosedurların vahid sistemə gətirilməsi vacibdir. Bu proses yalnız daşımaları deyil, eyni zamanda yeni investisiyaları və emal sənayesini hərəkətə gətirəcəkdir.
Sezai Uçarmak bildirib ki, investisiya mühitinin yaxşılaşdırılması və Xəzər üzərindən keçidin asanlaşdırılması Qazaxıstan və Türkmənistan kimi ölkələrlə əlaqələri gücləndirərək yeni investorların cəlb olunmasına imkan yaradacaq.