Ermenistan ile Rusya arasında demir yolları meselesiyle ilgili yaranan gərginlik getdikcə artmaqdadır. Bu mübahisə artıq siyasi, iqtisadi və geosiyasi məzmun alıb. Ermənistanın Baş naziri Nikol Paşinyan dəmir yollarının idarə edilməsi ilə bağlı müxtəlif variantlar - geri qaytarma, idarəçiliyin üçüncü dövlətə verilməsini təklif etsə də, Rusiya konsessiya müqaviləsinin vaxtından əvvəl dayandırılmasının maliyyə nəticələrinə diqqət çəkir. Ermənistan dəmir yolları üzərində nəzarəti bərpa etməklə, regional nəqliyyat layihələrində iştirak etmək, Kremlin təsir rıçaqlarından birini də sıradan çıxarmağa çalışır. Amma burada diqqət ediləcək odur ki, İrəvanın qarşısında hüquqi öhdəliklər, texniki imkanlar, investisiyalar və təzminat kimi seçimlər var. Qısası, Paşinyanın dəmir yollarına nəzarəti bərpa etmək və ya konsessiyanı üçüncü ölkəyə ötürmək istəyi hüquqi və maliyyə baxımından böyük bir tələyə bənzəyir.
Ermənistanın dəmir yolları hələ 2008-ci ildə borc qarşılığında 30 illik konsessiya müqaviləsi ilə Rusiyanın "Cənubi Qafqaz Dəmir Yolu"na verilib. İrəvan israr edərək, müqaviləyə yenidən baxılmasını, dəmir yolları üzərində qərarvermə imkanlarının genişləndirilməsini, regional layihələrə qoşularaq müəyyən gəlirlərin əldə edilməsini təmin etməyə cəhd edir. Rusiya tərəfi isə mövcud müqavilənin, yatırılmış investisiyaların və şirkətin üzərinə götürdüyü öhdəliklərin nəzərə alınmasını tələb edir.
Bu gün Cənubi Qafqazın nəqliyyat əlaqələrini əsasən Azərbaycan diktə edir. TRİPP layihəsi, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində kilid mövqeyə sahib olması Azərbaycanı regional bağlantılarda əsas söz sahibinə çevirib. İrəvan isə Azərbaycanla münasibətləri normallaşdırıb, sülh müqaviləsini imzalayıb bu regional imkanlardan yararlanmaq, iqtisadi imkanlar əldə etmək istəyir. Məhz buna görə də Paşinyan məsələni gündəmə çıxaranda Ermənistanın regional nəqliyyat layihələrindən kənarda qalma ehtimalına vurğu edir. Buna görə də konsessiyanın üçüncü ölkəyə verilməsi variantını da nəzərdən keçirir. İnfrastrukturun texniki vəziyyəti, idarəetmə sistemi, tarif siyasəti, sərhəd prosedurları və beynəlxalq tərəfdaşlarla müqavilələr də həlledici rol oynadığı üçün məhz İrəvan bu variantı səsləndirir. Amma burada bir haşiyə çıxmaq lazımdır. Konsessiya dəyişdirilsə belə, layihədə iştirak etmək sərhədlərin açılması, siyasi razılaşmalar, infrastruktur bərpası kimi faktorlardan asılıdır.
Rusiya Ermənistanın dəmir yollarına nəzarəti ələ keçirdikdən sonra bu sistemə investisiya qoyub. RDY (Rusiya Dəmir Yolları) rəhbəri Oleq Belozerov bildirib ki, aradan keçən müddət ərzində (2008-dən bu yana) təxminən 146 milyard dram, yəni 685 milyon manat sərmayə qoyulub və dəmir yolu infrastrukturu yenilənib. Rusiya rəsmisi sətiraltı İrəvana xəbərdarlıq edir ki, əgər belə bir cəhd təkrarlansa, Kreml avtomatik olaraq, təzminat tələb edəcək və bu rəqəmlər də boş yerə səsləndirilmir. Yəni, Rusiyanın yatırdığı investisiyalar konsessiyanın vaxtından əvvəl dayandırılması zamanı İrəvan üçün ciddi maliyyə riski yarada bilər. Lakin mümkün təzminatın məbləği və hüquqi əsasları müqavilənin şərtlərindən asılıdır. Ermənistan üçün isə burada təzminatın məbləğindən başqa risklər də var. Əgər konsessiyanın dayandırılması hüquqi mübahisəyə çevrilib proses məhkəməyə gədər gedib çıxsa, Kreml rıçaqlarından istifadə edərək, prosesin müddətini uzada bilər. Bu da yeni operatorun fəaliyyətə başlamasını gecikdirə bilər. Yəni, Ermənistanın regional layihələrdə iştirakı sual altına düşə bilər.